CƏMİYYƏT


İcbari tibbi sığortanın xidmətlər zərfinin hazırlanmasına dair təlim keçirilib

Bakı, 4 fevral, AZƏRTAC 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin və Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi çərçivəsində “Xidmətlər zərfinin hazırlanması” mövzusunda təlim keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Fransa Milli Səhiyyə İnformasiya İnstitutunun rəhbəri Dominik Polton və Litva Səhiyyə Nazirliyinin baş müşaviri Gintaras Kaçeviçius tərəfindən keçirilmiş təlimlərin məqsədi icbari tibbi sığortanın (İTS) xidmətlər zərfinin hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və həmin sahə üzrə təlimçilər qrupunun yaradılması olub. Təlimdə agentliyin, Azərbaycan Tibb Universitetinin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları olmaqla 21 nəfər iştirak edib.

Beş gün davam edən təlimdə İTS üzrə dünya təcrübəsi, xidmətlər zərfinə dair nəzəriyyə və təcrübə, xidmətlər zərfinin hazırlanması zamanı istifadə olunan meyarlar, beynəlxalq və milli təcrübədən alınan dərslər, zərfə daxil olan dərman vasitələrinin siyahısının hazırlanması, xidmətlər zərfinin təkmilləşdirilməsi üçün yeni tibbi texnologiyaların və tibbi məhsulların qiymətləndirilməsi barədə təqdimatlar edilib. Qrup məşğələləri zamanı həmin mövzular ətrafında müzakirələr aparılıb və çalışmalar təşkil edilib.

Təlimdə, həmçinin agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova İTS-nin məqsədləri, baza və istisnalar zərfi, tibbi xidmətlər üzrə ödəniş qaydaları haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov icbari tibbi sığortanın tətbiqi ilə bağlı xəstəxananın fəaliyyətinin və onun maliyyələşdirilməsi sisteminin yenidən qurulması, İTS-nin tətbiqinin həm əhali, həm də tibb işçilərinə göstərdiyi təsir haqqında danışıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.