RƏSMİ XRONİKA


İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanışlıq YENİLƏNİB -1 VİDEO

Xivə, 22 iyun, AZƏRTAC

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İçan-Qala barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub. Xivə şəhərindəki nəhəng İçan-Qala kompleksini gil divarlar əhatə edir. İçan-Qala da daxil olmaqla Xivə şəhəri 1990-cı ildə UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilib. Sarayı gəzdikcə divarlarda diqqət çəkən mavi ornamentlər göz oxşayır, insan bir anlıq özünü orta əsrlər saray dövründə təsəvvür edir. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin