MƏDƏNİYYƏT


“İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı beynəlxalq konfransda qurama sənəti haqqında məruzə ilə çıxış edib

Bakı, 16 fevral, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ötən ilin dekabr ayında başlatdığı “Qurama sənətinin bərpası layihəsi” çərçivəsində Azərbaycan xalqının qədim sənəti olan qurama haqqında elmi araşdırmalar davam etdirilməkdədir.

“İçərişəhər” Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Türkiyənin paytaxtı Ankara şəhərində 13 ölkənin iştirakı ilə keçirilən Hoca Ahmet Yesevi 4-cü Beynəlxalq elmi araşdırmalar konfransında “Azərbaycan evlərinin daxilinin bəzədilməsində qurama tikmələrindən istifadə” mövzusunda videoməruzə ilə çıxış edib.

Məruzədə XIX-XX əsrin əvvəllərində Azərbaycan xalq yaşayış evlərinin daxili quruluşunun bəzədilməsi zamanı istifadə olunan qurama tikmələri, onların etnoqrafik təyinatı, eləcə də arxeoloji tədqiqatlar əsasında bədii tikmənin yaranmasının tarixi, ölkənin müxtəlif regionlarında quramanın istifadəsi barədə maraqlı məlumatlar verilib.

Çıxışda slayd təqdimatla tanıtım məqsədilə Azərbaycan muzeylərində, xüsusilə də “İçərişəhər” Muzey Mərkəzinin kolleksiyalarında saxlanılan qurama tikmələri nümayiş olunub.

Konfransın sonunda Günay Həsənovaya sertifikat təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.