MƏDƏNİYYƏT


“İçərişəhər”də “20 Yanvar – tarixdə bu gün...” elmi-praktik seminar təşkil edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün...” adlı elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra faciə qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil edilib.

Anım mərasimində qurumun mətbuat katibi Rahib Azəri çıxış edərək faciənin başvermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib. Bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndirərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşdüyünü deyib.

Daha sonra qoruq idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış ediblər.

Məruzələrdə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrkü sovet rəhbərliyinin yarıtmaz və eyni zamanda, məkrli siyasəti nəticəsində törədilmiş cinayət haqqında məlumat verilib. Azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı qeyd edilib.

Natiqlər Yanvar hadisələri zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının ölkəmizin müstəqilliyinin bərpa edilməsində əvəzolunmaz rolunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.