CƏMİYYƏT
İçərişəhərdə 80-ə yaxın binanın qəzalılıq vəziyyəti aradan qaldırılıb
Bakı, 11 avqust, AZƏRTAC
2017-ci il avqustun 10-da bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin bir qrup sakini tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubun mətni dərc edilib. Məktubda İçərişəhər, 2-ci Kiçik Qala döngəsi, ev 8 ünvanında yerləşən binada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin icazəsi ilə təhlükəli tikinti işlərinin aparıldığı və nəticədə ətrafdakı binalara zərər vurulması barədə həqiqətə uyğun olmayan, qeyri-dəqiq informasiya qeyd edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələyə aydınlıq gətirib. İdarədən AZƏRTAC-a bildiriblər ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir, idarə tərəfindən qəzalı binaların davamlı monitorinqi aparılır. Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etməyə və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır. Bildirilib ki, son bir neçə il ərzində İçərişəhərdə 80-ə yaxın qəzalı vəziyyətdə olan binanın qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb.
Sözügedən 2-ci Kiçik Qala döngəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binada da idarə dəfələrlə monitorinqlər aparıb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın damındakı yüngül konstruksiyadan ibarət olan mansardın mövcud layihəyə, tikinti norma və qaydalarına, eləcə də standartlara uyğunluğu barədə rəsmi rəy təqdim olunub (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2 iyun 2017-ci il tarixli 23698 saylı Rəyi). Həmin Rəy binada yüngül konstruksiyalı mansardın heç bir təhlükə yaratmadığını təsdiq edən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəddir.
Bu barədə müvafiq məlumatlar idarə tərəfindən sorğulara cavab olaraq məktubla müraciət etmiş sakinlərə dəfələrlə rəsmi olaraq çatdırılıb.
Bildirilib ki, məktubda imzaları qeyd edilmiş sakinlərin əksəriyyəti idarəyə rəsmi müraciət edərək müraciətdə yazılanlardan tam xəbərsiz olduqlarını və məsələ ilə əlaqədar idarəyə qarşı iradlarının olmadıqlarını söyləyiblər.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən daimi diqqət və qayğı nəticəsində idarə hər zaman olduğu kimi, tarix və mədəniyyətimizin zərif incisi olan İçərişəhərin qorunması, dünyada təbliği və inkişaf etdirilməsi üçün addımlar atmaqdadır. Bu isə məhz dövlət rəhbərliyinin İçərişəhərin mühafizəsi və restavrasiyasının beynəlxalq səviyyədə təşkili, zəngin milli-mədəni və tarixi-memarlıq irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasəti nəticəsində mümkündür.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha İçərişəhərə olan diqqətə görə bütün kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirərək, gələcəkdə qoruq barəsində yalnız yoxlanılmış məlumatların dərc ediləcəyinə əmin olduğunu bildirir.