MƏDƏNİYYƏT


İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli açılış mərasimi olub VİDEO

Bakı, 28 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC

Sentyabrın 28-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində hökumət və dövlət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, habelə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək ölkəmizdə bu il 650 illiyi qeyd edilən görkəmli mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş silsilə tədbirlər haqqında məlumat verib.

Bildirib ki, bu qəbildən olan ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini qeyd edən Ə.Ələkbərov bu münasibətlə ölkəmizdə və onun hüdudlarından kənarda da çoxsaylı tədbirlərin keçirildiyini söyləyib.

Vurğulayıb ki, festival çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) beynəlxalq təşkilatı ilə birlikdə Azərbaycanda ilk dəfə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresi keçirir. Sabah başlayacaq konqresdə dünyanın 30 müsəlman ölkəsindən gəlmiş 50-dən çox sənətkarlar, alim və ekspertlər iştirak edəcək.

Qoruq İdarəsinin rəhbəri vurğulayıb ki, Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələridir. Bu abidələrimiz tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir: “2020-ci ildə abidələrimizin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 ili tamam olur. İçərişəhərdə tikilmiş abidələrin bir çoxu “Nəsimi epoxası”nın abidələri sayılır. İçərişəhər bizim elə bir canlı tariximizdir ki, burada daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri daim yaşayır və təbliğ olunur. Hazırda qədim şəhərdə əsrlərlə formalaşmış yüksək zövqün nişanəsi olan memarlıq abidələri, incəsənət və mədəniyyət nümunələri dövlət qayğısı altında qorunmaqdadır”.

Konqres və festival iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə.Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi olduqca əlamətdardır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, İmadəddin Nəsimin adı ilə bağlı olan bütün tədbirlər burada iştirak edən hər kəsi mənəvi cəhətdən birləşdirir.

“Biz İçərişəhərin dünənini də, bu gününü də görmüşük. Burada belə bir inkişafı, abadlıq-quruculuq işlərini gördükdə insan iftixar hissi keçirir. Mən öz xalqımın tarixi və mədəniyyəti ilə qurur duyuram. Ölkəmiz müstəqillik əldə etdikdən sonra İslama və İslam tarixinə böyük diqqət yetirilib, qayğı göstərilib. Bu gün bu işlərin davam etməsi də göz qabağındadır. Bununla yanaşı, Heydər Əliyev Fondu və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da çox böyük işlər görür. Mən fürsətdən istifadə edib Prezident İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bu işlərdə göstərdikləri böyük dəstəyə görə təşəkkür edirəm”, - deyə Allahşükür Paşazadə söyləyib.

Nəsiminin yaradıcılığının və onun adının dünyada daha da geniş şəkildə təbliğ olunmasında dövlət başçısının xidmətlərini vurğulayan Allahşükür Paşazadə ona rəhbəri olduğu qurumun kollektivi adından minnətdarlığını bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi böyük mədəniyyət hadisəsidir. Ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunmasına diqqət çəkən nazir vurğulayıb ki, bu tədbirlər yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalır.

“50 il bundan öncə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Nəsiminin UNESKO səviyyəsində keçirilməsinə qərar verib. Nə gözəldir ki, Ulu Öndərin nəvəsi 50 ildən sonra təkrar Nəsimin adını ucaldaraq onun adını daşıyan festivala təşkilatçılıq edir. Bizim xalq öz mədəniyyəti, ədəbiyyatı və tarixinə hər zaman həssaslıqla yanaşır. Hər zaman da belə olacaq, çünki biz heç vaxt özümüzü bunlarsız təsəvvür edə bilmərik”, - Əbülfəs Qarayev belə deyib.

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin əhəmiyyətindən danışan nazir, bildirib ki, bu festival da müasir dövrdə inkişaf edən İslam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan olacaq.

İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin Baş direktoru Xalid Ərən festivalın əhəmiyyəti barədə danışıb, bu çərçivədə reallaşan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin önəmini vurğulayıb.

Qeyd edək ki, İçərişəhərdə təşkil olunan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı oktyabrın 4-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.