MƏDƏNİYYƏT


İçərişəhərdə “Saray məclisi” təşkil olunub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Şirvanşahlar Saray Kompleksində “Saray məclisi” adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı “İçərişəhər” Muzey Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Muzeydə muğam axşamları” adlı layihə çərçivəsində reallaşıb.

Musiqili gecənin aparıcısı Əməkdar artist Rahib Azəri bildirib ki, Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinləri və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.

O, belə musiqili tədbirin keçirilməsində məqsədin xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etmək olduğunu qeyd edib. “Milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bu gün “Saray məclis”lərinin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edir”, - deyə R.Azəri vurğulayıb.

Konsert Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılıb.

Xanəndəni Əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət ediblər.

Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşüblər.

Qeyd edək ki, “İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən Mənsum İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.