MƏDƏNİYYƏT


İçərişəhərdə turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Hər il ölkəmizi ziyarət edən turistlərin demək olar 90 faizi İçərişəhərin qonağı olur. Burada yerləşən muzeylərə gələn ziyarətçilərin sayının yüksək templə artdığını müşahidə edirik. Təbiidir ki, turistlərin cəlb olunması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bir sıra əsaslı işlər görülür, Azərbaycan tarixini və etnoqrafiyasını əks etdirən muzey ekspozisiyaları daim yenilənir, xidmət sahələri təkmilləşdirilir, milli sənətkarlıq əşyaları geniş təbliğ olunur.

İdarədən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin mart ayında İçərişəhərdə ilk vahid Turist İnformasiya Mərkəzi işə başlayıb. Ölkəmizin qonaqları İçərişəhərə daxil olduqları andan şəhərimizin tarixi, memarlığı, mədəniyyəti, eləcə də İçərişəhərdə mədəni həyatı barədə istənilən məlumatı ala bilirlər. Burada bütün növ turizm xidmətlərindən faydalanaraq, həmçinin “Dastan” brendinin məhsulları ilə də tanış olmaq mümkündür.

Eyni zamanda, idarənin əməkdaşları mütəmadi olaraq “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisində iştirak edir, İçərişəhərin turizm potensialı haqqında ətraflı məlumat verirlər. Bakının tarixi mərkəzini zəngin mədəni-tarixi irsimizin əsas tərkib hissəsi və qürur mənbəyimiz olan milli mətbəx nümunələri və bu nümunələrin təqdim olunduğu milli koloritli iaşə obyektləri olmadan təsəvvür etmək çətin olar. Məsələn, İçərişəhərin qonaqları burada dadlı təndir çörəyini dadmaqla yanaşı, bu maraqlı prosesi izləmək imkanı da əldə edirlər. Bu gün İçərişəhərin bir çox ictimai iaşə obyektləri təkcə şəhərimizin qonaqlarının deyil, Bakı sakinlərinin də dostları ilə səhər yeməyi yedikləri, bayramlar və özəl günlərini qeyd etmək üçün tez-tez gəldikləri məkana çevrilib. Bu addım özü tarixlə tanış olmaq üçün olduqca böyük əhəmiyyətə malikdir. Bu gün sadəcə milli mətbəx nümunələrini dadmağa gələn insanın diqqətini İçərişəhərin fərqli abu-havası cəlb edir, Qoruq ərazisində dolaşmaq qərarı isə istənilən insanı tarixin dərinliklərinə aparır. Dar küçələri dolaşdıqca diqqəti hansısa muzey və ya qalereya cəlb edir, hər zaman kənardan müşahidə etdiyi tarixi abidə ilə yaxından tanış olmaq qərarı dəqiqələr sonra diqqəti İçərişəhər ərazisində ilboyu davam edən mədəni-kütləvi tədbirlərə yönləndirir. Ötən il İçərişəhərdə hər həftəsonu şəhərimizin sakinləri və qonaqları üçün açıq səma altında canlı milli musiqi, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balaca uşaqlar üçün heykəltəraşlıq, keramika, rəsm ustad dərslər və digər çoxsaylı maraqlı tədbirlərdən ibarət “İncəsənət həftəsonu İçərişəhərdə” layihəsi təqdim olunub, il ərzində böyük ictimai maraq doğuran bu tədbirlər bir-birini əvəzləyib. Qış qalası, Bahar qalası, Qız qalası festivalı, intellektual məntiqi oyunlar, sərgilər, flaşmoblar, konfranslar, təqdimatlar, muzeylər üçün “açıq qapı” günləri İçərişəhəri hər fəsildə maraqlı, rəngarəng və canlı edir.

İdarə monumental abidələrin bərpası, insanların rahatlığının təmin edilməsi ilə yanaşı, öz qayğı və diqqətini İçərişəhərin “kiçik personajları”ndan da əsirgəmir. Söhbət qədim şəhərə daxil olduğunuz andan bizi dostcasına salamlayan pişiklərdən gedir.

İçərişəhərin simvollarından birinə çevrilmiş bu canlıları qorumaq üçün İdarə IDEA Animal Care Center ilə birlikdə ərsəyə gətirilən “Pişiklər üçün ev” layihəsini təqdim edib. Rahat, geniş, ayrıca su və yem qabı olan sığınacaqlar pişikləri əlverişsiz hava şəraitindən qoruyaraq, xüsusilə ana pişik və onun balalarına sərbəst və maneəsiz yaşamaq imkanı verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.