MƏDƏNİYYƏT
İçərişəhərdəki “Aşur” məscidində bərpa-konservasiya işlərinə başlanılır
Bakı, 26 iyul, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik olan bir çox qədim məscidlər mövcuddur ki, müxtəlif əhəmiyyət dərəcələrinə aid edilən bu abidələr dövlət tərəfindən qorunur.
Son bir neçə il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plana” müvafiq olaraq bir sıra məscidlərdə bərpa-konservasiyası işləri həyata keçirilib. Bunlardan İçərişəhərdə yerləşən dünya əhəmiyyətli abidə olan qədim Məhəmməd məscidi, ölkə əhəmiyyətli abidələr olan Bəylər məscidində, Xıdır məscidində, Cümə məscidinin minarəsində aparılan işləri və s. qeyd etmək olar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, artıq bir neçə ildir İçərişəhərdə Asəf Zeynallı küçəsi, 55 ünvanında yerləşən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılıb. Əfsuslar olsun ki, 2013-cü ildən bu günə kimi abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barəsində idarə tərəfindən müraciətlərə baxmayaraq, abidədən qanunsuz istifadə və ona mənfi təsirin göstərilməsi davam etdirilib, bununla da bərpa işlərinin başlanılması gecikdirilib. Bununla da abidənin faktiki istifadəçiləri tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulub.
Bununla əlaqədar, abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa işlərinin başlanılması üçün idarə tərəfindən abidənin faktiki istifadəçilərindən tələb olunan şəraiti təmin etməklə abidənin dərhal boşaldılması tələb olunub.
Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçərişəhərdə son bir neçə il ərzində çoxsaylı abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə aparılan bu işlər yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən hazırlanmış “Baş plan”da öz əksini tapmış göstəriş və tövsiyələr əsasında ən müasir tələblərə cavab verən bilik və texnologiyalar istifadə edilməklə həyata keçiriləcək.