MƏDƏNİYYƏT
İçərişəhərlə tanışlıq VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaradılmasının 95-ci ildönümünə həsr edilən tədbir iştirakçıları İçərişəhərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, eramızdan əvvəl VII-VI əsrdə tikilmiş bu qala XII əsrdə bərpa edilib. Əsas qala və ona bitişik dayaq tikilidən ibarət silindrik formalı tarixi abidənin hündürlüyü 28 metr, diametri 16-16,5 metrdir.
Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, burada aparılmış təmir-bərpa, abadlıq işləri haqqında məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində dövlət tərəfindən mühafizə olunan müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var.
Qonaqlar, həmçinin Şərqin memarlıq incilərindən biri – dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi” ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəlində tikilən bu tarixi abidə İçərişəhərin ən hündür yerində yerləşir. Abidə Xəzər dənizi tərəfdən və şəhərin ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq xüsusiyyətini bu gün də qoruyub saxlayır.
İçərişəhərlə tanışlıq qonaqlarda unudulmaz təəssürat oyadıb.