CƏMİYYƏT


İcra başçılarına ciddi xəbərdarlıq edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, paytaxtda görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşavirədə çıxış edərək dövlətimizin başçısının qəbulunda olduğu zaman verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə danışıb. Müşavirədə bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib. Eldar Əzizov deyib: “Şəhər icra hakimiyyətinin və rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi dövlətimizin başçısının tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq işin forma və metodları dəyişməlidir. Tənqid və özünütənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə dövlətimizin başçısının qanunsuz tikintilərlə bağlı iradları diqqətə çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə rayon icra hakimiyyətlərində və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər mənfi halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Müşavirədə bir neçə rayonun icra hakimiyyətinin başçısı çıxış edərək, Prezidentin iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlər görəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.