İQTİSADİYYAT


İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb

Bakı, 20 avqust, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plan çərçivəsində ilk iclas Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, plan üzrə 2019-cu ilin əvvəlində istifadəyə verilən yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və inkişaf sahələrinin müəyyən olunması prioritet istiqamət olub. Həmçinin yeni rəqəmsal sistemlərin “Azərbaycanın uğurlu təcrübəsi” kimi beynəlxalq müstəvidə yayılmasının sürətləndirilməsi məqsədilə konkret işlər görülür: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il ərzində “Doing Business”in bütün indikatorları üzrə islahatlar dərinləşdirilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azranking.az” portalı üzərindən dövlət-özəl dialoqu əsasında Prezidentin tapşırıqlarını uğurla icra edir.”

İclasda Bakı şəhəri üzrə istifadə edilən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər/biznes assosiasiyaları ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təkmilləşdirmə imkanları müəyyən olunacaq.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları ilə İcra və Kommunikasiya Planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə Planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “Ekvita”, “BM Morrison Partners”, “Bakı Hüquq Mərkəzi” iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.