REGİONLAR
İctimai Dəstək Fondu Balakəndə aztəminatlı ailələrə və əlillərə ərzaq yardımı edib
Balakən, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu respublikamızın şimal-qərb bölgəsi rayonlarında aztəminatlı ailələrə, əlil və imkansız şəxslərə dəstək aksiyası keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində İctimai Dəstək Fondu tərəfindən aprelin 9-da Balakən rayonunda 450 aztəminatlı ailəyə, əlil və imkansız şəxslərə ərzaq bağlamaları paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Fondun direktoru Gülbəniz Bayramova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, karantin günlərində qurum tərəfindən Qax, Zaqatala və Balakən rayonlarında, ümumilikdə, 1250 aztəminatlı ailəyə, əlil və imkansız şəxslərə ərzaq yardımı göstərilib. Belə sosial aksiyalar davam etdiriləcək.