ELM VƏ TƏHSİL
İctimai Elmlər Bölməsinin iclasında mədəniyyətlərin dördbölümlü tipologiyasından bəhs olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra AMEA-nın Fəlsəfə İnstitutunun estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov “Mədəniyyətlərin dördbölümlü tipologiyası” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində mədəniyyətin qadağalar üzərində qurulan həyat tərzi olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətlərin dördbölümlü tipologiyası cəngavər, icma, zadəgan və şəhər mədəniyyətlərindən ibarətdir. A.Əsədov əxlaqın da dörd tipə bölündüyünü və mədəniyyətin altsistemi olaraq çıxış etdiyini söyləyib. Şöbə müdiri icma mədəniyyətində xeyirxah, cəngavər mədəniyyətində cəsarətli, şəhər mədəniyyətində ağıllı, zadəgan mədəniyyətində isə ləyaqətli insanın ideal olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, icmaçı əzablarının mənşəyini günahlarında, cəngavər taleyində, şəhərli səhvlərində, zadəgan isə dünyanın öz mahiyyətindən qopub ayrılmasında axtarır.
İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı və başqaları mövzu ilə bağlı təklif və iradlarını bildiriblər.