REGİONLAR


İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Sumqayıt Dövlət Universitetində imtahan sessiyasını izləyiblər

Sumqayıt, 8 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Yanvarın 8-də Sumqayıt Dövlət Universitetində (SDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı keçirilən “Açıq qapı” günündə ali məktəbin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, ənənəvi təşkil olunan “Açıq qapı” günündə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verib. Bildirilib ki, sessiya zamanı tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində lazımi tədbirlər görülüb. İmtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi ilə universitetdə imtahan qərargahı fəaliyyət göstərir.

Həmçinin universitetin əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Prorektor onu da vurğulayıb ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi universitetin rəhbərliyinin diqqət mərkəzindədir.

Sonra universitetin rəhbərliyi, valideynlər, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb, yazılı imtahan işlərinin kodlaşdırılması otağında olublar.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar veriblər. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Əli Miriyev, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Nigar Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qafar İsmayılzadə, Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Təranə Həkimli və digərləri yaxşı hazırlaşdıqlarını, imtahanların gedişindən razı qaldıqlarını bildiriblər. Vurğulanıb ki, sualların hamısı keçdikləri mövzuları əhatə edir.

Valideynlər Rövşən Məmmədov, Şahin Muradov, Səbirə İsayeva, Elnurə Bədəlova və başqaları imtahan prosesinin onları qane etdiyini bildirib, universitetdə keçirilən imtahanlarda şəffaflığın təmin olunduğunu diqqətə çatdırıblar.

Sonra nümayəndə heyəti ilə görüşən tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması barədə məlumat verib. Bildirilib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sessiya başlayandan bu günədək apellyasiya komissiyasına 14 tələbə müraciət edərək, qiymətlərini artırıblar. Prorektor onu da diqqətə çatdırıb ki, imtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor qəbul günündən başqa, sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibətilə maraqlanır və tapşırıqlarını verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.