CƏMİYYƏT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi koronavirusla bağlı maarifləndirici materiallar çap edib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən maarifləndirici aksiya keçirilib.
Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
Aksiya çərçivəsində Bakı şəhərinin iri supermarketlərinə maarifləndirici materiallar paylanılıb. Koronaviruslar, bu virusların törətdiyi təhlükəli COVID-19 xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin girişinə vurulub. Eyni zamanda, marketdən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əl yuma və tibbi maskadan istifadə qaydaları, yoluxucu COVID-19 xəstəliyini qrip və soyuqdəymədən fərqləndirən xüsusiyyətlərə dair buklet və vərəqələr təqdim edilib.
Maarifləndirici çap materialları, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təqdim olunub.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib.
Materiallara əlçatanlığın təmin edilməsi məqsədilə nəşrlər www.koronavirusinfo.az portalında və İSİM-in saytında yaradılan (www.isim.az ) koronavirus barədə məlumat bazasında yerləşdirilib.