CƏMİYYƏT
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Tbilisidəki beynəlxalq konfransda iştirak ediblər
Bakı, 7 avqust, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə “Həkimlər uşaq zorakılığına qarşı” beynəlxalq konfrans keçirilib. Konfrans “Səhiyyə işçilərinin zorakılığa məruz qalmış uşaq və gənclərin aşkar edilməsi və onlara tibbi-psixoloji yardımın və sosial dəstəyin göstərilməsi ilə bağlı fəaliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları – layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
Həkimlərin diqqətini uşaq zorakılığı ilə bağlı məsələlərə yönəltmək məqsədilə keçirilən konfransda mövcud vəziyyət, statistika və faktlar bir daha nəzərdən keçirilərək müqayisəli təhlil olunub.
Qeyd edək ki, İSİM, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, OAK Fondu və Gürcüstanın İctimai Səhiyyə Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınmasında ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin, xüsusilə də, poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması, həmin tibb müəssisələrində bu cür halların idarə edilməsi üçün kurikulumun hazırlanması və sınaqdan keçirilməsi nəzərdə tutulub. Səhiyyə işçilərinin bu sahədəki fəaliyyətinin gücləndirilməsi uşaq və gənclərə qarşı zorakılığın, o cümlədən, məişət zorakılığı hallarının qarşısının alınmasına, zorakılığın qurbanı olmuş uşaq və gənclərin təcili tibbi-psixoloji yardımla əhatə olunmasına, müvafiq sosial və digər xidmətlərə yönləndirilməsinə imkan verəcək.
Layihə çərçivəsində, həmçinin poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması üçün milli təlimlərin təşkili, seçilmiş tibb işçilərinin təlimçi kimi təkmilləşdirilməsi, mövzuya dair kurikulumun hazırlanmasında həkimlərin fəal iştirakı da nəzərdə tutulub.