CƏMİYYƏT
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Aşqabadda keçirilən elmi konfransda müzakirələrə qatılıb
Bakı, 26 iyul, AZƏRTAC
Türkmənistanın paytaxtı Aşqabadda “Sağlamlıq-2018” beynəlxalq sərgisi və elmi-praktiki konfrans keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) AZƏRTAC-a verilən xəbərə görə, Mərkəzi Asiya və Qafqaz ölkələrində qidalanma səviyyəsinin yaxşılaşdırılması, regional platformanın yaradılması məqsədilə keçirilən konfransdan əvvəl “Qidalanma potensialının inkişafı və tərəfdaşlığın başlanması” mövzusunda ikigünlük iclas təşkil olunub. İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə konfransda və keçirilən tədbirlərdə iştirak edib.
Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, İran, Serbiya və digər ölkələrin nazirlik və idarələrinin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların – BMT-nin Uşaq Fondu, Dünya Səhiyyə Təşkilatı, Dünya Ərzaq Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmilərinin iştirakı ilə keçirilən iclaslarda qeyri-infeksion xəstəliklərin profilaktikası və qarşısının alınmasına dair Aşqabad Bəyannaməsinin icrası və əldə olunan nailiyyətlərdən söz açılıb. Eyni zamanda, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün qidalanma potensialının inkişafı və əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-2020-ci il tədbirlər planı iştirakçıların diqqətinə çatdırılıb.
Konfransda BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən strategiyanın xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi, dayanıqlı inkişaf məsələsində qlobal hədəflərin müəyyənləşdirilməsi, aclığın və yoxsulluğun ləğvi, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, o cümlədən bütün yaş kateqoriyaları üzrə sağlam həyat tərzinin təbliğ edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı bu sahədə potensialın inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılmasının mühüm rol oynadığı vurğulanıb.