CƏMİYYƏT


İctimai Şuranın üzvləri ilə görüşdə şəffaflıq və sosial ədalət prinsipinin güclənməsinə yönələn islahatlardan danışılıb

Bakı, 11 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığın, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, bu sahədə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir.

Nazir diqqətə çatdırıb ki, əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda İctimai Şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır. Şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur və onlar əhatə etdikləri geniş əhali qrupları ilə nazirlik arasında körpü rolu oynayırlar. Əhali qruplarının rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində İctimai Şuranın daha aktiv dəstəyi çox vacibdir. Həmçinin bir sıra məsələlərlə (qeyri-formal məşğulluğun şəxsin gələcək sosial təminatını sual altında qoyması, sosial sığorta sistemində iştirakın əhəmiyyəti, pensiya-müavinət və s.) barədə cəmiyyətdə dolğun və sistemli təbliğat və izahat işlərinin aparılmasında İctimai Şura öz fəal dəstəyini göstərə bilər.

İctimai Şura ilə daimi əməkdaşlığa xüsusi yer veriləcəyini qeyd edən nazir bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə - aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin kiçik biznesə çıxışına imkan yaradılmasına uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər. Eyni zamanda, birgə fəaliyyətin əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil şəkildə qurulması, reabilitasiya səviyyəsinin artırılması üçün vacib olan fərdi reabilitasiya proqramının hazırlanması sahələrini də əhatə etməsi məqsədəuyğun olar. Sosial sifarişlər əsasında layihələrin icrası zamanı toplanan təcrübə və məlumatlar sosial cəhətdən həssas qruplarla bağlı siyasətin təkmilləşdirilməsində əhəmiyyətli ola bilər.

Görüşdə qeyd edilib ki, ümumilikdə, İctimai Şura ilə birgə əmək və sosial müdafiə sisteminin bütün sahələri diqqətlə nəzərdən keçirilməli, problemlər və onların həlli üçün görüləcək birgə işlərin istiqamətləri müəyyənləşdirilməli, əməkdaşlıq müstəvisində pərakəndə və formal fəaliyyətə yol verilməməli, bu sahədə işlər, ilk növbədə, dolğun konseptual əsaslar üzərində təşkil olunmalıdır.

İctimai Şuranın üzvləri gələcək əməkdaşlıqda yeni istiqamətlərin müəyyən olunması ilə əlaqədar təkliflər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.