İDMAN
İctimai Televiziya Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri turnirini canlı yayımlayacaq
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu AMPK-nın prezidenti İlqar Rəhimov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov imzalayıblar.
Anlaşma memorandumu hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq, informasiya dəstəyi, o cümlədən yarışların eksklüziv yayım hüququnun verilməsi məsələləri ilə bağlı olub.
Sənədə əsasən, bu ilin mayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin yayım hüququ İctimai Televiziyaya verilib. İctimai Televiziya həmin yarışı birbaşa yayımlayacaq.
Xatırladaq ki, paracüdo üzrə beynəlxalq Qran-Pri turniri mayın 13-14-də Bakıda keçiriləcək. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazandıran belə bir yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 43 ölkədən 250 idmançının iştirak edəcəyi gözlənilir.