CƏMİYYƏT
İctimai Televiziya və Radio Yayımları Şirkəti tam fərqli formatlı verilişləri ilə yeniliklərə imza atır
Bakı, 14 sentyabr, AZƏRTAC
İctimai Televiziya və Radio Yayımları Şirkəti tam fərqli formatlı verilişləri ilə yeniliklərə imza atır.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, bu sırada “talk-show”lar xüsusi yer alacaq.
Həftə içi hər gün səhər saatlarında üç xanım aparıcı 120 dəqiqə ərzində müxtəlif mövzuları müzakirə edəcəklər.
“Dikdaban” adlı verilişin özəlliyi ondadır ki, üç qadın aparıcının canlı efirdəki qonağı daha çox kişilər olacaq - bir kişi qonaq üç qadın aparıcıya qarşı.
Proqramın məqsədi ölkədə və dünyada gündəm olan maraqlı mövzuları müzakirə etmək, mədəniyyət, dəb, sağlamlıq haqqında maariflləndirici məlumatları efirə daşımaq, həmçinin sosial şəbəkə prioritetlərinin nəbzini tutmaqdır. “Dikdaban”da verilişboyu sosial şəbəkə vasitəsilə izləyicilər arasında günün mövzusuna uyğun sorğu keçiriləcək.
Müzakirələrlə zəngin “Dikdaban”ın aparıcıları Sevinc Muradova, Vüsalə Məmmədova və Xəyalə Əzizova olacaq.
Veriliş sentyabrın 17-dən etibarən, həftə içi beş gün saat 10:00-dan 12:00-dək canlı yayımlanacaq.
Aidiyyəti qurumların rəsmi dəstəyi ilə ölkə teleməkanında ilk dəfə olaraq tam fərqli formatda hərbi–analitik proqram da yayımlanacaq.
“RADİUS” adlanan veriliş həftədə bir dəfə otuz dəqiqə ərzində hərb və hərbi siyasət sahələrini əhatə edən ən aktual mövzularla, yerli və xarici ekspertlərlə və unikal reportajlarla tamaşaçıların görüşünə gələcək.
Hərbə yeni baxış bucağı olan “RADİUS” ilə tamaşaçılar geosiyasi hadisələr, hərb tarixi, ən müasir silahlar, terrorla mübarizə, yeni hərb sənayesi, müasir hərbi strategiyalar barədə məlumatlanacaq, qərargahlardan, səngər və topxanalardan hazırlanmış süjetlərlə hərb həyatına yaxından bələd olacaqlar. Veriliş qısaldılmış şəkildə sosial şəbəkə vasitəsilə də tamaşaçıların ixtiyarına veriləcək.
Müəllifi və aparıcısı məşhur hərbi bloger Heydər Mirzə olan “RADİUS” sentyabrın 19-dan etibarən həftənin çərşənbə günü saat 18:25-də İctimai Televiziyanın efirində yayımlanacaq.