CƏMİYYƏT
İctimai iaşə müəssisələrində keçirilən monitorinqlərin məqsədi yoluxma hallarının artmasının qarşısının almaqdır
Bakı, 19 fevral, AZƏRTAC
Məlum olduğu kimi, ötən il avqustun 18-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56 min 388 monitorinq keçirilib, həmin müəssisələrdə maarifləndirmə və nəzarət tədbirləri aparılıb.
Ölkə üzrə fəaliyyət göstərən 11 min 86 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6 min 745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub. Sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilərək ümumilikdə televiziya və radio vasitəsilə 382 çıxış, sosial şəbəkə hesablarında 589 paylaşım, tələblərə dair 100 multimedia materialı hazırlanaraq ictimaiyyətə təqdim edilib. Eləcə də, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 70 adda poster hazırlanaraq respublika üzrə 11 mindən çox ictimai iaşə müəssisəsində yerləşdirilməsi təmin olunub.
Lakin görülən tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur. Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlararası tələblərin pozulması, məsul şəxslərin təyin olunmaması, bir masa ətrafında 6 nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb.
Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır. İddia olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Qeyd etmək istəyirik ki, belə məlumatlar tamamilə reallıqdan uzaqdır və həqiqətləri əks etdirmir.
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yalnız qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş COVID-19 profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilir. Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir.
Nəzərə almaq lazımdır ki, pandemiya şəraiti heç bir sahəyə təsirsiz ötüşməyib, hətta sərt karantin rejimi dövründə kafe və restoranların fəaliyyəti bir müddət məhdudlaşdırılıb. Həyata keçirilən reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır. İctimai iaşə müəssisələri insanların sıx toplaşdığı yerlər olduğundan belə məkanlarda qaydalara əməl edilməməsinin virusun yayılma intensivliyinə birbaşa təsir göstərdiyini nəzərə alaraq sahibkarlar öz məsuliyyətlərini dərk etməli, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Onu da qeyd edək ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.