CƏMİYYƏT
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində regional bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb, müvafiq göstərişlər verilib. Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, istehlak üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.
Bununla yanaşı ictimai-iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etməsi istiqamətində təlimatlandırılması və onlarla keçirilən maarifləndirmə tədbirlərinin sayının artırılması qərara alınıb.