CƏMİYYƏT
İctimai iaşə və qida məhsulları satışı ilə məşğul olan sahibkarlıq obyektlərində reydlər davam edir
Bakı, 22 iyun, AZƏRTAC
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 99-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Reyd keçirilən müəssisələr arasında Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus “Elxan həftə bazarı”, Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları, Şamaxı rayonunda “Türk yarpaq dönəri” restoranı, “Sarvan” market, “Ülvi” market, “VİP” market, “Ruzi” market, “Bəyaz” market, İsmayıllı rayonunda “Göl istirahət guşəsi” restoranı, Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe, Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə oğluna məxsus ərzaq mağazaları, Beyləqan rayonunda “Xan qızı” restoranı, “3 qardaş” kafe, “Beta” ərzaq mağazası, “Oba” market və Zərdab rayonunda “Balıq” restoranında daha çox uyğunsuzluqlar aşkar edilib.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.