İQTİSADİYYAT
“İctimai internet” layihəsi “İlin informasiya texnologiyaları hadisəsi” seçilib
Bakı, 9 iyun, Elvira Məmmədova, AZƏRTAC
“Baktelecom” uğurları sırasına daha birini əlavə edib. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başlanılan “İctimai internet” layihəsi “İlin informasiya texnologiyaları hadisəsi” nominasiyasında “NETTY” Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, “NETTY” sosial əhəmiyyətli layihələri dəstəkləyən, əhali arasında informasiya texnologiyalarını populyarlaşdıran peşəkar mükafat kimi “Baktelecom”un pulsuz “Wi-Fi” xidmətinə biganə qalmayıb.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Əliyeva bildirib ki, “Baktelecom” aylar öncə evdən kənarda, gəzinti zamanı internetə pulsuz qoşulmaq imkanını insanlar üçün əlçatan edib. Bu məqsədlə ilkin mərhələdə əhalinin sıx istirahət etdiyi ərazilər seçilib.
Dənizkənarı Milli Parkın bütün hissəsi, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradılıb. Mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqlarının seçiminə çevrilən layihənin istifadəçi sayı 200 mini ötüb.
“Baktelecom” əhalinin pulsuz “Wi-Fi” xidmətinə maraq və tələbatını nəzərə alaraq əhatə dairəsinin genişləndirilməsi istiqamətində bu gün də işlərini davam etdirir.
Yaxın zamanlarda Mərkəzi Parkda, Sabir, Xəqani bağlarında və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək.
Şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz “Wi-Fi”ya qoşulması daha da asanlaşacaq.