İQTİSADİYYAT


İctimai nəqliyyatda təhlükəsizlik qaydaları ilə bağlı yeni layihəyə start verilib

Bakı, 18 avqust, AZƏRTAC

"Ailə və Ətraf Mühit" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri İlhamə Qurbanova əsasən yol hərəkəti iştirakçıları olan piyadaların, sürücülərin və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin, habelə məktəb yaşlı uşaqların, yeniyetmə və gənclərin yol hərəkəti qaydaları və ictimai nəqliyyatdan təhlükəsiz istifadə olunması ilə bağlı maarifləndirici işlərin həyata keçirilməsini nəzərdə tutan layihənin iki istiqamətdə - yol hərəkəti iştirakçıları və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında reallaşdırılacağını deyib. O qeyd edib ki, layihə çərçivəsində keçiriləcək tədbirlərdə piyada, sürücü və sərnişinlərin maarifləndirilməsi və məktəblərdə şagirdlərlə görüşlərin təşkili, onların ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirilməsi və davranış qaydalarının aşılanması nəzərdə tutulur.

İ.Qurbanova ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləməyi, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltməyi, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmağı, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları, habelə avtobus sürücüləri tərəfindən qayda pozuntusu və sərnişinlərə qarşı hörmətsizlik halları ilə qarşılaşan zaman müraciət etməli olduqları qurumlar haqqında məlumat verməyi, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmağı layihədən irəli gələn əsas vəzifələr olduğunu vurğulayıb.

Üç ay davam edəcək layihənin birinci istiqaməti üzrə ictimai reydlər Bakı şəhərinin mərkəzi ərazilərində, ikinci istiqamət üzrə fəaliyyətlər isə əsas paytaxtın mərkəzi və ətrafı qəsəbələrində fəaliyyət göstərən məktəblərdə həyata keçiriləcək. Sonuncu mərhələdə işçi qrupun, KİV-in, tərəfdaş dövlət qurumlarının və geniş ictimaiyyətin iştirakı ilə maarifləndirici tədbir keçiriləcək. Tədbirdə yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud olan problemlər, onların həlli perspektivləri, əldə olunan nəticələr və ictimai sektorun dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə töhfəsi müzakirə olunacaq. Eyni zamanda, sosial şəbəkələrdə layihə ilə bağlı aktiv fəaliyyət təşkil olunacaq.

"Beləliklə, biz əsas yol hərəkəti iştirakçıları olan piyadalar və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər və ictimai nəqliyyat vasitələrinin sürücüləri, habelə cəmiyyətimizin və ölkəmizin gələcəyi olan uşaqları qorumaq məqsədilə bu tədbirlərin keçirilməsində qətiyyət nümayiş etdirmək niyyətindəyik", - deyə təşkilat rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.