CƏMİYYƏT
İctimai nəzarət qrupları paytaxtda və regionlarda fəaliyyətini davam etdirir
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, ictimai nəzarət qruplarında fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri Bakıda və 15 rayonda fəaliyyət göstərərək ictimaiyyət arasında maarifləndirmə işləri aparırlar.
Azərbaycan Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılan və mərhələli şəkildə fəaliyyət göstərən qrupların fəaliyyətində pandemiya ilə əlaqədar müəyyənləşdirilən qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulsa da, hazırkı vəziyyətlə əlaqədar fəaliyyət istiqamətində müvafiq dəyişikliklər olunub.
Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatları, mülki əhalinin hədəf alınması və qismən səfərbərliyin elan olunduğu bir vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı, cəbhədən ordumuzun apardığı əməliyyatlarla bağlı videoların yayılması və bunun yaratdığı təhlükələr olduqca aktualdır. Bu səbəbdən ictimai nəzarət qrupları cəmiyyətdə təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda, vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, ictimai nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.
İctimai nəzarət qrupları regionlarda da fəaliyyət göstərir.