DÜNYA
İctimai rəy sorğusu: Baydenin prezident vəzifəsində olduğu ilk 100 gündən sonra amerikalılar ölkənin inkişafı ilə bağlı nikbindirlər
Vaşinqton, 3 may, AZƏRTAC
Amerikalıların təqribən üçdə iki hissəsinin fikrincə Birləşmiş Ştatlar düzgün yoldadır.
AZƏRTAC “ABC News” və “Ipsos” tərəfindən birgə aparılmış ictimai rəy sorğusunun nəticələri barədə hesabata istinadla xəbər verir ki, Co Baydenin prezident vəzifəsində olduğu ilk 100 gündən sonra amerikalıların təqribən 64 faizi gələcəyə nikbin baxır.
ABŞ-da əhalinin buna yaxın səviyyədə nikbinliyi sonuncu dəfə 2006-cı ilin dekabr ayında qarşıdan gələn il barədə “ABC News” və “Washington Post” tərəfindən birgə aparılmış rəy sorğusu zamanı qeydə alınıb. O vaxt sorğuda iştirak edənlərin 61 faizi ölkənin gələcəyi barədə nikbin olduqlarını bildirmişdi. 2016-cı il seçkilərindən bir qədər əvvəl aparılmış analoji sorğu göstərmişdi ki, amerikalıların cəmi 42 faizi gələcəyə nikbin baxır, respondentlərin 52 faizi isə ölkənin inkişafı barədə bədbin fikirdədir.
Rəyi soruşulanların cüzi çoxluğu (52 faiz) hesab edir ki, hətta vergilər artırılsa belə, federal hökumət iqtisadiyyatın bərpası üçün vəsait xərcləməlidir.
Dövlət xərcləri və vergilər məsələsində amerikalıların fikirləri xeyli fərqlidir: respondentlərin 47 faizinin fikrincə iqtisadiyyatda müşahidə olunan tənəzzülə baxmayaraq, vergilər indiki səviyyədə qalmalıdır. Sakinlərin təqribən üçdəbir hissəsi (36 faiz) Bayden administrasiyası dövründə ölkənin gələcəyinə bədbin münasibət bildirib.
Amerika sakinlərinin yalnız 23 faizi hesab edir ki, Bayden hakimiyyətə gələndən sonra ölkə daha sıx birləşib. Bu qrupa daxil olanların 87 faizi Baydeni müsbət qiymətləndirir, respondentlərin yalnız 3 faizi Konqresdə respublikaçıların liderlərini dəstəkləyib.
AZƏRTAC-ın Vaşinqton bürosu