CƏMİYYƏT
İctimai təşkilatlardan birinin ofisindən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 15 aprel, AZƏRTAC
İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə polisə məlumat verən zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində 1 ədəd televizor, 2 ədəd telefon, noutbuk, eləcə də digər əşyalar oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanılıblar. Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlarda aşkarlanaraq maddi sübut kimi götürülüb.
Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər bənzər cinayətlər törətdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.
Faktla əlaqədar saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.