CƏMİYYƏT


İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılması məqsədilə brifinq keçirilib

Bakı, 10 aprel, AZƏRTAC

İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə daha geniş məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə nazirliyin fəaliyyət istiqamətləri üzrə reallaşdırdığı ardıcıl tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, aprelin 10-da Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrlər barədə növbəti brifinq keçirilib.

Tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyəti institutlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Brifinqi açan nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq hökumətin təşviqi prinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, bu baxımdan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Sonra nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat veriblər.

Brifinqdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.

Sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib.

Bununla yanaşı, dövlətimizin başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamaların dayandırılması ilə bağlı imzalanan fərman və sərəncamlar, qanunvericiliyə edilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb. Həmçinin vətəndaşların ailə və mülki hüquq münasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyata keçirən dövlət notariat arxivinin və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılmış qaydada aparılması 15 milyona yaxın arxiv sənədinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.

Görülən tədbirlər arasında ailə-nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiya xidmətlərinin sosial əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ötən ilin sentyabrından verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısındakı məlumatlar “Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir. Keçən əsrdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktları barədə milyonlarla məlumatın eyniləşdirilməsi həyata keçirilməklə mötəbərliyi təmin olunur.

Brifinqdə, həmçinin ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərilməsi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirilməsi vurğulanıb. İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.

Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin rəhbərləri çıxışlarında bildiriblər ki, belə tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lərlə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.