İQTİSADİYYAT
İctimaiyyətlə əlaqələr mütəxəssisləri üçün təlim keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
“Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association”in (APRA) təşkilatçılığı ilə bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran kommunikasiyası” mövzularında növbəti ikigünlük təlim keçirilib.
APRA-dan AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Bankın mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyevin və Fransanın “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyovun apardıqları təlimdə PR mütəxəssisləri bu sahədə fikir mübadiləsi aparıb, onların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib.
Təlimin ilk günü Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev ictimaiyyət, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin kütləvi informasiya vasitələri: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və media mövzuları barəsində ətraflı məlumat verib.
Təlimin növbəti günü PR üzrə tanınmış mütəxəssis V.Əlibəyov “Banklarda böhran kommunikasiyası və onların həlli yolları” mövzusunda təqdimatla çıxış edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.