CƏMİYYƏT
İctimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə olunur
Bakı, 26 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən istifadəyə də xüsusi əhəmiyyət verilir. Son bir ildə həyata keçirilən tədbirlər barədə hazırlanmış 400-dən çox məlumat aidiyyəti foto və video materiallarla birlikdə nazirliyin rəsmi Facebook səhifəsində yerləşdirilib. Hazırda həmin səhifənin izləyicilərinin sayı 43 mindən çoxdur və bu, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, rəsmi Facebook səhifəsi vasitəsilə vətəndaşların müvafiq sahələrlə bağlı müraciətlərinə cavablar da verilir. Ötən il həmin səhifədə vətəndaşların 2173 müraciətinin cavablandırılması təmin edilib. Edilən müraciətlərin 61,6 faizi sosial təminat növləri, 8,8 faizi məşğulluğun təminatı, 7,5 faizi əlillərin tibbi-sosial ekspertizası və reabilitasiyası, 5 faizi əmək qanunvericiliyi, qalan hissəsi isə nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlərlə əlaqədar olub. Böyük əksəriyyəti sorğu xarakteri daşıyan həmin müraciətlər nazirliyin aidiyyəti bölmələrinin məsul əməkdaşlarının iştirakı ilə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.
Youtube kanalında isə 2017-ci il ərzində nazirliyin tədbirləri ilə əlaqədar 100-ə yaxın videosüjet yerləşdirilib. Ötən il nazirliyin İnstagram səhifəsi də fəaliyyətə başlayıb. Həmçinin nazirliyin Twitter hesabı daimi olaraq yenilənir.
Qeyd olunan sosial şəbəkələrə girişi daha da asanlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) onlara birbaşa keçid linkləri də yaradılıb.