ELM VƏ TƏHSİL
İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 10 fevral, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva və institutun doktorantı Ülkər Əlizadənin həmmüəllifi olduqları məqalə İspaniyanın “Paylanmış hesablama və süni intellekt sahəsində nailiyyətlər” adlı impakt faktorlu jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ingilis dilində “Mürəkkəb təsvirlərin intellektual-tanıma sistemi” adlı məqalədə ultrasəs müayinəsinin obyektiv qiymətləndirilməsinə istiqamətlənən bir yanaşma təqdim olunur.
Məlum olduğu kimi, informasiya texnologiyaları əksər fəaliyyət sahələrində tətbiq olunur. Xüsusən də tibb sahəsində müasir informasiya texnologiyalarından istifadə elmi nailiyyətlərin əldə olunmasına və məlumatların optimallaşdırılmasına imkan verir. Bu fikirlərin əks olunduğu məqalədə diqqət insanın daxili orqanlarında yaranan törəmələrin ən erkən aşkarlanmasına yönəldilib. Ultrasəs və kompüter tomoqrafiya təsvirlərində simptomsuz kiçik ölçülü qapalı konturların aşkarlanması müəlliflər tərəfindən yaradılmış proqram paketi vasitəsilə həyata keçirilir. Bu istiqamətdə predindikator anlayışı verilir, riyazi morfologiya alqoritmlərindən istifadə və metodlar, diaqnostikanın üçpilləli tanıma modeli və s. təklif edilir.
Qeyd edək ki, jurnalın impakt faktoru 1,44-dür.