ELM VƏ TƏHSİL
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
Bakı, 29 aprel, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun laboratoriyasının əməkdaşları Rusiyanın Omsk şəhərində Omsk Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən "Tətbiqi riyaziyyat və fundamental informatika" mövzusunda IX beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn konfransın proqramına laboratoriyanın əməkdaşlarının 1 plenar və 8 seksiya məruzəsi daxil edilib.
Konfransda İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə plenar məruzə edib. "Riyaziyyat, tətbiqi riyaziyyat" seksiyasında riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yeganə Əşrəfova və II kurs magistrant Pünar Quliyeva, "Riyaziyyat və kompüter modelləşdirməsi" seksiyasında elmi işçi Sona Rzayeva, "İnformasiya texnologiyaları və hesablama sistemləri" seksiyasında isə texnika üzrə fəlsəfə doktoru Elşən Mustafayev və elmi işçi Aynur Əliyeva məruzə ediblər. Məruzələr konfrans iştirakçılarının marağına səbəb olub, müxtəlif suallar verilib, müzakirələr aparılıb.
Konfrans "Zoom" platforması üzərindən keçirilib.