ELM VƏ TƏHSİL
İdarəetmə Sistemləri İnstitutunun magistrantları üçün onlayn rejimdə dərslər təşkil olunur
Bakı, 10 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyanın İdarəetmə Sistemləri İnstitutunda təhsil alan I kurs magistrantlar üçün martın 29-dan başlayaraq distant tədris təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda elmi müəssisənin I kurs magistraturasında riyaziyyat, kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə 10 magistrant təhsil alır. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələr ilə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla onlayn rejimdə dərslər təşkil edirlər.
İnstitutun təhsil şöbəsi müəllimlərdən və magistrantlardan dərslərin gedişi haqqında mütəmadi məlumatlar alaraq müəssisənin rəhbərliyinə və AMEA-nın Elm və Təhsil İdarəsinin magistratura şöbəsinə təqdim edir.