ELM VƏ TƏHSİL
“İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda konfrans dünyanın nüfuzlu alimlərini bir araya gətirəcək
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 31-dən sentyabrın 1-dək Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda keçiriləcək 10-cu konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında nazir Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycanın və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak edəcəklər.
Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.
“ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edəcək.