REGİONLAR


İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Füzuli Beynəlxalq Hava Limanında olublar  YENİLƏNİB

Füzuli, 30 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Füzuli Beynəlxalq Hava Limanında görülən işlərə baxış keçirib. İlk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulan hava limanında işlər davam etdirilir. Aerovağzal binasının tikintisində beton işləri təxminən 80 faiz yekunlaşıb. Liman kompleksinin bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüyü döşənir. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisinin dayanacağı peronun torpaq yatağında işlər tamamlanıb. Terminal binasında dəmir-beton konstruksiyaların quraşdırılması işləri 100 faiz icra edilib.

Yaxınlıqda iki asfalt zavodu inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb. Hava limanı 400 tona qədər ağırlığı olan hava gəmilərini qəbul edə biləcək.

Qeyd edək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin olunması üçün yeni beynəlxalq hava dəhlizlərinin müəyyənləşdirilməsi üzrə işlər davam etdirilir.

X X X

Füzuliyə səfər çərçivəsində işçi qrupun üzvləri Füzuli-Hadrut yolunda mina-təmizləmə işlərinə də baxış keçiriblər. ANAMA-nın əməkdaşı İdris İsmayılov məlumat verərək bildirib ki, hazırda nəqliyyat infrastrukturu üzrə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Bu günə kimi 3500 hektar ərazidən 20 minə yaxın mina və partlamamış silah-sursat aşkar edilərək zərərsizləşdirilib.

İşçi qrupun üzvləri minaların partladılması prosesini də izləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.