“İdeathon on agrinnovation” müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Lənkəran, 4 iyun, İ.Cəfərli, AZƏRTAC
Lənkəran şəhərində iyunun 2-də start verilən aqrar sahə üzrə “İdeathon on agrinnovation” müsabiqəsi bu gün başa çatıb. Müsabiqəni “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) icra edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsində, emalında yenilik və innovasiyalar tətbiq etmək, qabaqcıl ideyalara dəstək vermək, onları təşviq etmək olub.
“Ideathon on agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionunda bir araya gələn gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı iki istiqamətdə innovativ ideyalarını irəli sürüblər.
Yekun tədbirdə BMT İP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Çaru Bista, Avropa İttifaqının rəsmiləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev iştirak ediblər.
Ç.Bista jurnalistlərə açıqlamasında aqrar sahə üzrə starapların keçirilməsinin və gənclərin bu istiqamətdə iştirakının vacibliyini vurğulayıb: “Mən qadınların burada iştirakını görməkdən çox şadam. Əminəm ki, bu platforma sizə Lənkəran-Astara iqtisadi rayonunda bağçılıq sektorunun problemlərini həll edən həllər yaratmaq üçün komanda işinə töhfə verdiyiniz təhlükəsiz məkan təmin edib”.
Mirzə Əliyev isə belə müsabiqələrin gənclərin aqrar sahəyə marağının artıracağını və yeni innovativ layihələrin meydana çıxmasına vəsilə olacağını bildirib.
Sonda müsabiqə qaliblərinə sertifikatlar təqdim olunub.













Xəbərin mətnində orfoqrafik səhv var