İDMAN
İdman gimnastikası üzrə Dünya Kuboku yarışlarının birinci gününə yekun vurulub
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə Azərbaycanın kişi idman gimnastlarından Murad Ağarzayev, Dari Morozov sərbəst hərəkətlərdə, Timur Bayramov isə paralel qollarda bacarıqlarını nümayiş etdiriblər.
Qadınların mübarizəsində isə Yuliya İnşina və Marina Nekrasova dayaqla tullanma yarışlarında mübarizə aparıblar. Müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə ölkəmizi Marina Nekrasova və Mariya Smirnova təmsil ediblər.
Dayaqla tullanma yarışlarında qüvvələrini sınayan Marina Nekrasova (13,399 xal) və Yuliya İnşina (13,183 xal) Dünya Kubokunun finalına vəsiqə qazanıblar. Müxtəlif hündürlüklü qollarda Marina Nekrasova (12,100 xal) və Mariya Smirnova (11,900 xal) final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, turnirdə 25 ölkədən 100-dən çox gimnast iştirak edir.
Turnirə martın 18-də yekun vurulacaq.