İDMAN
İdman gimnastikası yarışında final mərhələsinin qalibləri mükafatlandırılıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışının sonuncu günündə kişilər arasında dayaqla tullanma, gimnastika atında və turnikdə hərəkətlər, qadınlar arasında isə gimnastika tirində və sərbəst hərəkətlər üzrə qalib gələn atletlər mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, kişi idman gimnastları arasında dayaqla tullanma yarışında 14,100 xal toplayan türkiyəli Öndər Ahmet qızıl medala layiq görülüb. Əlcəzair gimnastı Mohammed Abdelcalil Bourqieq 13,950 xalla gümüş, İndoneziya gimnastı 13,575 xalla Muhammad Afrizal bürünc medal qazanıb.
Gimnastika atı üzrə hərəkətlərdə təmsilçimiz Talas Bence 14,250 xal toplayaraq qızıl medala layiq görülüb. İran gimnastı Saidreza Keixa 14,200 xalla gümüş, Qətər gimnastı Ahmed Aldyani 13,600 xalla bürünc medal qazanıb.
Turnikdə hərəkətlərdə gimnastımız Talas Bence 14,000 xalla qızıl medal qazanıb. İkinci və üçüncü yerləri Türkiyə gimnastları Fərhad Arican (13.250) və Ahmet Öndər (13,200) tutublar.
Gimnastika tirində hərəkətlərdə qızıl medalı 12,750 xalla türkiyəli Göksu Uçtaş Şanlı, gümüş medalı Marina Nekrasova (12,600), bürünc medalı Yuliya İnşına (12,250) qazanıblar.
Sərbəst hərəkətlərdə qızıl medala 13,100 xalla təmsilçimiz Yuliya İnşına layiq görülüb. Türkiyə təmsilçisi Ustaş Şanlı Göksu 13,050 xalla gümüş, Demet Mutlu isə 12,700 xalla bürünc medala layiq görülüblər.
Çempionların şərəfinə onların təmsil etdikləri ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.