İDMAN


İdman jurnalistləri arasında keçirilən onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 4 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və “Etopaz”ın baş sponsorluğu ilə keçirilən onlayn şahmat turnirinin qalibləri mayın 4-də mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində idman jurnalistləri və mütəxəssisləri iştirak ediblər.

Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Turnirin direktoru, AİJA-nın prezidenti Eldar İsmayılov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı - Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli ordumuzun yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində artıq biz idman jurnalistləri də qalib ölkənin məğrur vətəndaşları olaraq peşəkar fəaliyyətimizi qürurla davam etdiririk.

İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət turnirə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Qol.az” saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə üçüncü yeri tutublar. Qaliblər müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.