CƏMİYYƏT


İdman uğurları ölkəmizi dünyada təbliğ etməklə yanaşı, cəmiyyətdə vətənpərvərlik hisslərini də gücləndirir

Bakı, 12 avqust, AZƏRTAC

Respublikamızın idman sahəsində əldə etdiyi uğurlar bu istiqamətdə aparılan məqsədyönlü siyasətin, düşünülən uzunmüddətli proqramın inamla reallaşdırılmasının məntiqi nəticəsidir. Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü zamanı bu barədə ətraflı söhbət açaraq, bildirib ki, Azərbaycanın bu gün dünyada güclü idman ölkəsi kimi tanınması, qələbələrimizin həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilməsi bu sahəyə göstərilən diqqətin, həssas münasibətin parlaq ifadəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O vurğulayıb ki, Azərbaycan azarkeşlərinin bir növ idman nailiyyətlərinə öyrəşdiklərini deyən Prezident İlham Əliyev əminliklə idmançılarımızın budəfəki möhtəşəm yarışda da yüksək nəticə əldə edəcəklərini diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, idmançılarımızın ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil etdiklərini və bunun hamımız üçün böyük qürurverici hadisə olduğunu vurğulayıb. “Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”,-deyə ölkə rəhbəri xatırladıb.

“Burada onu da qeyd etmək yerinə düşər ki, həqiqətən, ölkə rəhbərinin dediyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini də gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq Qarabağın azad olunması uğrunda Vətən müharibəsində Azərbaycan Ordusunu irəliyə apardı, qəhrəmanlıqlar göstərməyə ruhlandırdı və parlaq qələbə qazandırdı. O, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almaları üçün bütün imkanlardan səmərəli istifadə etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan gəncliyi məhz bu yöndə yetişir, Vətəni ləyaqətlə təmsil edir, öz əməyi, fədakarlığı ilə ölkəmizi gücləndirir. Məhz bu reallıq nəticəsində Azərbaycan hazırda beynəlxalq aləmdə sürətlə inkişaf edən, qüdrətlənən nüfuzlu dövlət kimi tanınır, dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü müəyyənləşdirir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanında, istərsə də siyasi arenada parlaq qələbələr qazanır”, - deyə E.Bağırov söyləyib.

O əlavə edib ki, Prezident İlham Əliyev hər zaman idmançılarımızın sosial şəraitinin yaxşılaşmasını diqqət mərkəzində saxlayıb və onlara bu sahəyə prioritet istiqamət kimi yanaşılmasının dövlət siyasəti olduğunu bildirib, gənclərə ölkəmizi dünyada ləyaqətlə təmsil etmələrinin zəruriliyini çatdırıb. Məhz elə buna görə də beynəlxalq idman qurumları tərəfindən Azərbaycana hər zaman böyük rəğbətlə yanaşılıb. Bunun nəticəsidir ki, respublikamızda indiyədək dünya səviyyəli iki tədbir–Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları uğurla keçirilib. Təkcə bu fakt, yəni bir ölkədə, bir şəhərdə qısa fasilələrlə iki böyük tədbirin yüksək səviyyədə gerçəkləşdirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan münasibəti kimi dəyərləndirilib: “Bakıda 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarından söz düşmüşkən, deyim ki, Azərbaycan evsahibliyi etdiyi digər beynəlxalq idman tədbirlərində olduğu kimi, bu Oyunların təşkilində də respublikamızın malik olduğu potensial imkanları yüksək səviyyədə gerçəkləşdirdi. Bu isə İslam həmrəyliyinin güclənməsinə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrinin daha da genişlənməsinə mühüm təsir göstərdi, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə qeyd etdiyi kimi, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib: “Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir”.

Emin Bağırov açıqlamasının sonunda dövlətimizin başçısının vaxtaşırı olaraq idmanın kütləviliyinin təmin edilməsi, bütün bölgələrdə mövcud infrastrukturdan səmərəli istifadəsinin vacibliyi, bu sahədə istedadlı uşaqların seçilib onlara qayğı, diqqət göstərilməsi, habelə ölkəmizdə bundan sonra reallaşdırılacaq beynəlxalq yarışların davamlı xarakter alması üçün müvafiq qurumlara vaxtaşırı tövsiyə və tapşırıqlar verdiyini də xatırladıb. O, bunu ölkəmizin həm daxili imkanları, Azərbaycanın qonaqpərvərliyi, həm də yüksək səviyyədə qurulan idman infrastrukturunun mövcudluğu ilə əlaqələndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.