İDMAN
İdman ustası Kazım Əliyevin “İdmanda şüurlu tədris!” kitabının təqdimatı olub
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Respublika Olimpiya İdman Liseyində idman ustası Kazım Əliyevin “İdmanda şüurlu tədris!” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, liseyin tədris işləri üzrə direktor müavini Qədir Mehdiyev, idman üzrə direktor müavini, Avropa və dünya çempionatlarının mükafatçısı Vitali Rəhimov tədbirdə çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndirib, nəşrin ölkəmizdə idmanın inkişafına töhfə olduğunu, yeni nəsil güləşçilərin yetişməsində rol oynayacağını diqqətə çatdırıblar.
Müəllif K.Əliyev üç fəsildən ibarət nəşr barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, “Qeyri-ənənəvi həftəlik tədris”, “Tədrisin vasitələri” və “Müasir idmana elmi yanaşma” fəsillərindən ibarət kitabda idman tədrisinin idmançıya çatdırılması vacib və aktual məsələ kimi ortaya qoyulub. Nəşr idmanın milli hissləri özündə yaşadan, nəsildən-nəslə ötürən insanın mənəvi-əxlaqi və iradi dəyərlərini yüksəldərək, onu şəxsiyyət zirvəsində yeganə və əvəzsiz edən vasitədir.
“Artıq üç kitabım işıq üzü görüb. Hazırda dördüncü kitab üzərində çalışıram. Bu dəfə istiqamət kimi idmanda özünüdərki seçmişəm. Əgər bir insan özünü tanımırsa, özünü dərk etmirsə heç bir uğura nail ola bilməz. Bu, idmançılara da aiddir. Digər tərəfdən, insanın arzusu və məqsədləri olmalıdır. İnsanı digər canlılardan fərqləndirən məhz bu xüsusiyyətlərdir”, - deyə K.Əliyev əlavə edib.
Sonra K.Əliyevin yetirmələri müəllimləri barədə xoş arzularını dilə gətiriblər.
Tədbir iştirakçılarının suallarını cavablandıran K.Əliyevin sonda imza günü təşkil olunub.
Qeyd edək ki, 1951-ci ildə Bakıda anadan olan K.Əliyev on yaşından yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb. O, 1971-ci ildə ölkə birinciliyinin, habelə bir çox yarışların qalibi adını qazanıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirən K.Əliyev üç il sonra məşqçilik fəaliyyətinə başlayıb. İdman mütəxəssisi 1993-cü ildə peşəkar güləş məktəbini təsis edib. Onun yetirmələri yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də mükafatçılar sırasında yer alıblar.