CƏMİYYƏT
İdman və mərc oyunlarından əldə edilən vəsaitlərdən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi müəyyən edilib
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 313 və 314 nömrəli qərarları idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən maliyyə dəstəyinin göstərilməsi məqsədilə hazırlanıb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, yönəldilən hissə aşağıdakı qaydada müəyyən edilib:
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 milyon manata çatanadək olan hissəsinin 1 faizi, 100 milyon manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.
Qərarla idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyənin vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi nazirliyin müəyyən edəcəyi quruma ödənilməsi nəzərdə tutulub.