CƏMİYYƏT
İdman zalında törədilən qətl hadisəsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 15 iyul, AZƏRTAC
Bu il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Xətai Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin tarixdə şəhər sakini Əli Abbasovun Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaları səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdiyi müəyyən edilib. Həmçinin sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyənləşdirilib.
Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.