CƏMİYYƏT
“İdmançı ailəm - sağlam aləm” devizi altında idman festivalı keçirilib
Bakı, 14 may, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə “İdmançı ailəm - sağlam aləm” devizi altında idman festivalı keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, “Evrika” Liseyinin direktoru Ofeliya Muradova, Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrindən idmançı ailələr, müəllimlər və şagirdlər iştirak ediblər.
Festivalda çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirlərindən danışıb, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasını xüsusilə qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycanda Beynəlxalq Ailə Gününün qeyd olunmasının ənənəyə çevrilməsi məhz dövlətin beynəlxalq əməkdaşlıq prinsiplərini əsas tutaraq, bu sahəyə göstərdiyi xüsusi diqqəti kimi qəbul edilməlidir.
Qeyd edək ki, idman festivalında 8 ailə müxtəlif estafetlər keçərək mübarizə aparıb. Onlardan birinci yeri “Evrika” liseyini təmsil edən Qafarovlar ailəsi, ikinci yeri Məktəb-Lisey Kompleksini təmsil edən Məmmədovlar ailəsi, üçüncü yeri 57 nömrəli tam orta məktəbi təmsil edən Avdioğlu ailəsi qazanıb.
Sonda qalib gələn ailələr Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal, hədiyyələr və kubokla, digər ailələr isə müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla təltif olunublar.