RƏSMİ SƏNƏDLƏR


İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları

Azərbaycan Respublikası Prezidentinin 
2019-cu il 11 iyun tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək, idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. risk – büdcə gəlirlərinin vaxtında və düzgün hesablanaraq ödənilməməsi ehtimalı;

1.3.2. yüksək və orta risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları – qüvvədə olan vergi və gömrük qanunvericiliyinə uyğun olaraq Nazirliyin və Komitənin tətbiq etdikləri risk meyarlarına əsasən müvafiq risk qrupuna aid edilən şəxslər;

1.3.3. faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər – risk meyarlarına əsasən müəyyən edilən, malların faktiki idxalatçısı və ya ixracatçısı digər şəxslər olduğu halda, idxal və ya ixrac əməliyyatlarını öz adından həyata keçirən şəxslər;

1.3.4. malların gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri.

2. İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarətin həyata keçirilməsi istiqamətləri

2.1. İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

2.1.1. gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;

2.1.2. idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;

2.1.3. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;

2.1.4. idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

3. Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi Nazirliyin və Komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

4. İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili

4.1. İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatlar bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulan informasiya sistemləri vasitəsilə həyata keçirilən qarşılıqlı məlumat mübadiləsi nəticəsində formalaşır.

4.2. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər mallara dair gömrük bəyannaməsi təqdim edərkən Komitə birgə baxışın keçirilməsi məqsədilə Nazirliyə real vaxt rejimində məlumatlar göndərir.

4.3. Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar real vaxt rejimində göndərildikdən 30 dəqiqə ərzində Nazirlik, qanunvericiliyə uyğun tətbiq edilən risk meyarlarına əsaslanaraq, gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində mallara gömrük baxışında vergi orqanı əməkdaşının iştirak edib-etməyəcəyi barədə real vaxt rejimində qeydlər aparır.

4.4. Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar qeyri-iş vaxtlarında təqdim olunduqda, Nazirlik həmin məlumatlara növbəti iş günü başladıqdan 30 dəqiqə ərzində münasibət bildirir.

4.5. Gömrük orqanının əməkdaşı malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması başa çatdırılanadək elektron proqram təminatı vasitəsilə vergi orqanının əməkdaşı ilə birgə baxışın keçirilib-keçirilməyəcəyi barədə məlumat əldə edir.

4.6. Vergi orqanının vəzifəli şəxsləri gömrük baxışında iştirak edəcəkləri halda, vergi orqanı əməkdaşının iştirakı malların birgə baxışı zamanı dərhal təmin edilir.

4.7. Bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş birgə baxış gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində həyata keçirilir.

4.8. Birgə baxışın həyata keçirilməsinə dair bu Qaydaların əlavəsində müəyyən olunmuş formada “Birgə baxış aktı” tərtib olunur.

4.9. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən idxal olunan mallara gömrük nəzarəti zonasında vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə birgə baxış həyata keçirildikdən sonra malların sahiblərinə idxalatçının anbarında və ya digər təsərrüfat obyektində təhvil verilməsi vergi orqanı əməkdaşının iştirakı ilə həyata keçirilir.

4.10. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar idxalatçının anbarına və ya digər təsərrüfat obyektinə daşınarkən vergi orqanının əməkdaşı malların daşındığı yerlər barədə Nazirliyin informasiya sistemində məlumatın olub-olmadığını araşdırır və malların çatdırılmasına nəzarət edir.

4.11. Malların daşındığı anbar və ya digər təsərrüfat obyekti barədə Nazirliyin informasiya sistemində məlumat olmadığı hallarda, idxal edilmiş malların təhvil verildiyi anbara və ya digər təsərrüfat obyektinə dair hüquqtəsdiqedici sənədlər (alqı-satqı, saxlanc, icarə və sair) tələb olunur. Sənədlər təqdim edilmədiyi təqdirdə, vergi orqanının əməkdaşı bu halı aktlaşdırır və müvafiq izahatlar alır.

5. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun həyata keçirilməsi

5.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadəyə gömrük və vergi orqanları birgə nəzarət həyata keçirə bilərlər.

5.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsi aparılmış mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadə edilib-edilmədiyini vergi orqanlarının yoxlamaq niyyəti gömrük orqanlarına bildirilir və bu zaman yoxlama birgə həyata keçirilir.

5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilən birgə nəzarət aşağıdakı yerlərdə həyata keçirilir:

5.3.1. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanıldığı yerlərdə;

5.3.2. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istifadə edildiyi yerlərdə.

5.4. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 195.2-ci maddəsində qeyd olunan hallardan biri baş verdikdə başa çatır.

6. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi

6.1. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı bəyan edilmiş malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə daha effektiv nəzarət məqsədilə Nazirlik və Komitə arasında məlumat mübadiləsi həyata keçirilir.

6.2. Malların gömrük dəyərinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilməsi zamanı istifadə üçün Nazirlik yüksək və orta risk qruplarına aid xarici ticarət fəaliyyətinin iştirakçılarının idxal etdikləri malların satış qiymətləri barədə məlumatları sorğu əsasında Komitəyə verir. Sorğu əsasında Nazirlikdən əldə olunmuş məlumatlardan mənbə kimi istifadə edilə bilər.

6.3. Vergi orqanlarının xarici ticarət fəaliyyətinin iştirakçılarında həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün bəyan edilməsinə əsaslı şübhələr olduqda, Nazirlik bu barədə Komitəyə məlumat verir.

“İdxal-ixrac  əməliyyatları üzrə büdcə gəlirlərini
 təmin edən qurumların birgə nəzarətinin
 həyata keçirilməsi Qaydaları”na əlavə

 İdxal-ixrac əməliyyatları zamanı xarici ticarət iştirakçısının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının keçirilməsinin nəticələri barədə

 A K T  №_______

 

 

_________________________                                                                               _____________

                  (şəhər, rayon)                                                                                                                          (tarix)

 

Aktı _________________________________________________________________________________

             (gömrük və vergi orqanı əməkdaşlarının hər birinin vəzifəsi, rütbəsi, soyadı, adı və atasının adı)

 

_________________________________________________________________________________

 

_________________________________________________________________________________

(baxışın keçirilməsində iştirak edən xarici ticarət iştirakçısı olan hüquqi şəxsin rəhbərinin, fərdi  sahibkarın (onların səlahiyyətli nümayəndəsinin) soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, verən orqanın adı və qeydiyyatda olduğu ünvan)

 

_____________________________________________________________________________________________________

 

________________________________________________________  iştirakı ilə tərtib  etdilər.

   

“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata

keçirilməsi” Qaydalarına uyğun olaraq

 

 _________________________________________________________________________________

               (xarici ticarət iştirakçısı olan hüquqi şəxsin tam adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, VÖEN-i)

 

_____________________________________ nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara

 

_______________________________________________________ ünvanında birgə baxış keçirildi.

                                                (birgə baxışın keçirildiyi ünvan)

 

Birgə baxışın keçirilməsi zamanı aşağıdakılar müəyyən olundu:

 

___________________________________________________________________________________

 

_____________________________________________________________________________________________________

 

_____________________________________________________________________________________________________

 

_____________________________________________________________________________________________________

 

_________________________________________________________

 

 

_______________________________________     __________               ________________________

 (gömrük orqanı əməkdaşının vəzifəsi və rütbəsi)                          (imza)                                     (soyadı, adı, atasının adı)

 

_______________________________________     __________

_______________________                                                   

(vergi orqanı əməkdaşının vəzifəsi və rütbəsi)                                (imza)                                      (soyadı, adı, atasının adı)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri