İQTİSADİYYAT
İdxal olunan avtobuslara aksiz vergisi tətbiq ediləcək
Bakı, 13 dekabr, AZƏRTAC
2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslara görə gömrük keçid məntəqəsində aksiz vergisi ödəniləcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi, mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
Bundan başqa, mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi, mühərrikin həcmi 10.000 kubsantimetrədək olduqda 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi, mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən çox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda isə aksiz Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.