CƏMİYYƏT


İdxal olunan kartof məhsulunda zərərli orqanizmlər aşkar olunub

Bakı, 8 noyabr, AZƏRTAC

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstan Respublikasından fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər. Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması təsdiq olunub. Aşkar edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

Aparılan müayinələr nəticəsində kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm olduğu və bitkinin bütün yeraltı hissəsinə zərər verdiyi müəyyən edilib. Həmin növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yayılan yaş və yaxud quru çürümə anbarlarda saxlanılanda digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi əsasən temperatur dəyişikliyi olanda təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən orqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.