CƏMİYYƏT
İğdırda ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
Ankara, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Türkiyənin İğdır şəhərində də mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, İğdırdakı Azərbaycan Mədəniyyət Evində keçirilən mərasimdə yerli ictimaiyyətin tanınmış nümayəndələri, tələbə və ziyalılar iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Universitetinin dekanı Hakan Güngörməz, Azərbaycanın Qarsdakı Baş konsulluğunun əməkdaşı Elnur Salayev çıxışlarında Ulu Öndərin zəngin mənalı həyat və fəaliyyəti barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, nəhəng siyasi-dövlət xadimi, ümummilli lider Heydər Əliyev həm gördüyü böyük işlər, həm də yüksək insani keyfiyyətləri ilə xalq tərəfindən sevilib və seviləcək.
Ulu Öndərin tarixlərə işıq saçan fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara